Təhsilalanların cari və aralıq qiymətləndirilməsi
1.Orta ixtisas təhsili pilləsi üzrə kadr hazırlığı həyata keçirən təhsil müəssisələrində tələbələrin təhsil proqramını mənimsəmə səviyyəsi onların fənlər üzrə biliyinin cari və aralıq qiymətləndirilməsi, eləcə də yekun attestasiyası əsasında müəyyənləşdirilir.
2.Cari və aralıq qiymətləndirilmə, eləcə də yekun attestasiya çoxballı qiymətləndirmə sistemi ilə aparılır. Fənn üzrə tələbənin toplaya biləcəyi balın maksimum həddi 100-ə bərabərdir. Bu balların 50-si semestr ərzindəki fəaliyyətə (cari qiymətləndirmə), digər 50-si isə imtahanın nəticələrinə görə müəyyənləşdirilir. Bu balların yığılması qaydaları, üsulları və meyarları təhsil müəssisəsi tərəfindən müəyyən olunur.
3.Biliyin cari qiymətləndirilməsi semestr ərzində tələbənin tədris prosesindəki fəaliyyətinə görə aparılır.
4.Fənn üzrə tələbənin biliyinin cari qiymətləndirilməsi semestr ərzində fənni (tədrisinin hər bir növü üzrə ayrı-ayrılıqda) tədris edən müəllim tərəfindən aparılır. Semestr ərzində tələbənin tədris prosesindəki fəaliyyəti üzrə qeydiyyat formaları, qiymətləndirmə üsulları (yazılı, şifahi, test, baxış, dinləmə, performans) və qaydaları təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Müəllim tələbələri ilk gündən tədris etdiyi fənn üzrə qiymətləndirmənin üsulları və qaydaları ilə tanış etməlidir. Tədris etdiyi fənn üzrə müəllim tərəfindən müəyyənləşdirilən bütün tələblər, onun işçi tədris proqramında (sillabusda ) öz əksini tapmalı və tədrisin ilk günündən tələbələrə təqdim edilməlidir.
5.Semestr ərzində fənn üzrə auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
6.Fənni tədris edən müəllim cari qiymətləndirmənin nəticələrini imtahan sessiyası başlayanadək təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş formada müvafiq bölməyə və ya şöbəyə təhvil verir.
7.Tələbənin semestr ərzində götürdüyü fənn (fənlər) üzrə biliyinin aralıq qiymətləndirilməsi üçün imtahan sessiyaları təşkil edilir.
8.İmtahan sessiyaları hər semestrin sonunda tədris planlarında göstərilən vaxtda qrafik üzrə təhsil müəssisəsi tərəfindən təsdiq olunmuş qaydada həyata keçirilir və imtahan nəticələri təhsil müəssisəsinin veb saytında yerləşdirilir.
9.Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı biliklərin mənimsəmə səviyyəsini, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin bilikləri tətbiq etmək qabiliyyətini müəyyənləşdirilməsi və qiymətləndirməsi üçün nəzərdə tutulur.
10.İmtahanların keçirilməsi qaydaları, üsulları (yazılı, şifahi, test, baxış, dinləmə, performans) və müddəti (3 saatdan artıq olmamaq şərtilə) semestr başlayandan 15 (on beş) gün müddətində təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və elan olunur.
11.İmtahanlar müvafiq fənn birləşmə komissiyaları tərəfindən fənn proqramlarına uyğun olaraq hazırlanmış və sessiyanın başlanmasına 30 (otuz) gün qalanadək tələbələrə elan edilmiş suallar və ya tapşırıqlar əsasında təşkil olunur və fənni tədris edən müəllimin iştirakı ilə keçirilir.
İmtahanlarda qiymətləndirmə bu qaydada 19-cu bəndinə uyğun həyata keçirilir.
12.İmtahanın nəticəsinin müvəffəq qəbul edilməsi üçün imtahanda qazanılan balların miqdarı 17-dən az olmamalıdır. İmtahanda 17-dən az bal toplayan tələbə cari qiymətləndirmənin nəticəsindən asılı olmayaraq həmin fəndən qeyri-kafi qiymət almış hesab olunur.
13.Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır.
14.Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni yenidən dinləmək üçün şərait yaradılır.
15.Bu halda fənni yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
16.Tələbə (üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.
17.Tələbələrin imtahan-yazı işləri və imtahan sessiyasının digər sənədlərinin saxlama müddəti “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na əsasən tənzimlənir.
18.Tələbənin fənn üzrə biliyinin yekun qiymətləndirilməsi onun biliyinin cari və aralıq qiymətləndirilmələrinin cəmi (yekun bal) əsasında aparılır və imtahan bitdikdən sonra 3 iş günündən gec olmayaraq təhsil müəssisəsi tərəfindən tələbələrə elan olunaraq müəssisənin veb saytında yerləşdirilir.
19.Toplanmış yekun bala görə tələbənin fənn üzrə biliyi aşağıdakı cədvələ əsasən qiymətlədirilir:
91-100 bal
“əla” – A
81-90 bal
“çox yaxşı” – B
71-80 bal
“yaxşı” – C
61-70 bal
“qənaətbəxş” – D
51-60 bal
“kafi” – E
51 baldan aşağı
“qeyri-kafi” – F
Təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi
20.Tələbənin biliyinin yenidən qiymətləndirilməsini tələb etmək hüququ vardır.
Tələbənin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş verə biləcək mübahisələrin aradan qaldırılması üçün təhsil müəssisəsinin rəhbərinin əmri ilə imtahan sessiyası başlananadək tərkibi 5 nəfərdən az olmamaq şərti ilə təcrübəli mütəxəssislərdən Apellyasiya Komissiyası yaradılır.
21.Apellyasiya Komissiyasının ilk iclasında Komissiyanın sədri və katibi seçilir. Apellyasiya Komissiyasının iclası üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Apellyasiya Komissiyasının qərarı açıq səsvermə yolu ilə qəbul edilir. İclasda iştirak edənlərin 50 faizindən çoxu lehinə səs verdikdə, qərar qəbul edilmiş hesab edilir. Əgər səslər bərabər olarsa, sədrin səsi həlledici sayılır. Komissiyanın sədrinə hər bir mübahisə halı üçün ayrı-ayrı fənlər üzrə mütəxəssisləri öz işinə cəlb etmək səlahiyyəti verilir. Apellyasiya Komissiyasının iclasları protokollaşdırılır və onun sədr və katibi tərəfindən imzalanır.
22.Apellyasiya Komissiyasının üzvləri təhsil müəssisəsində çalışan təcrübəli pedaqoji heyətindən seçilirlər.Tələbə ona verilən qiymətlə razı olmadığı halda, imtahanın nəticələri elan edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində Apellyasiya Komissiyasının sədrinə ərizə ilə müraciət edir.
23.Apellyasiya Komissiyasına ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və onun qərarı tələbənin biliyinin yenidən qiymətləndirilməsi üçün əsas sayılır. Apellyasiya Komissiyası tələbənin imtahan nəticələrinin yenidən yoxlanılmasını təşkil edir, tələbənin qiymətində düzəliş aparılması zərurəti yarandığı halda, müvafiq qərar qəbul edir və orta ixtisas təhsil müəssisəsinin rəhbərliyinə təqdim edir.Tələbənin qiymətində dəyişiklik edilməsi barədə Apellyasiya Komissiyasının qərarı ilə aidiyyəti şöbə tələbənin qiymətində düzəliş aparır.
Təhsilalanların yekun attestasiyasının aparılması QAYDALARI
1.Təhsil proqramının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək, məzuna müvafiq ixtisas dərəcəsi vermək məqsədi ilə tələbələrin yekun attestasiyası həyata keçirilir.
2.Təhsil proqramının bütün şərtlərini yerinə yetirmiş və tədris planında nəzərdə tutulmuş bütün fənlər və təcrübələr üzrə müəyyən olunmuş kreditləri qazanmış tələbələr yekun attestasiyaya buraxılırlar.
3.Yekun attestasiya ayrı-ayrı ixtisaslar üzrə yekun Dövlət Attestasiya Komissiyası DAK tərəfindən aparılır.DAK-ın sədri vəzifəsinə namizədlər kollecdə işləməyən yüksək ixtisaslı mütəxəssislərin sırasından təqdim olunur.
4.DAK-ın sədrləri Səhiyyə Nazirliyi tərəfindən təyin olunurlar. DAK-ın sədrləri ardıcıl olaraq 2 (iki) ildən çox olmamaq şərti ilə təhsil müəssisəsinin təqdimatı əsasında təyin olunurlar.
5.DAK fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirir.Kollecdə yekun attestasiya buraxılış yekun dövlət imtahanı şəklində keçirilir.
6.DAK-ın üzvlüyünəkollecin, eləcə də müvafiq idarə və müəssisələrdən dəvət olunmuş mütəxəssislərlə yanaşı, başqa təhsil müəssisələrinin də təcürbəli müəllimləri cəlb oluna bilər. DAK-ın tərkibi kollecin direktoru tərəfindən əmrləşdirilir.
7.DAK-ın səlahiyyət müddəti 1 (bir) təqvim ilidir.Yekun attestasiya zamanı tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların hesablanması meyarları və qaydası normativ təhsil müddətində sonuncu semestr başlayandan 15 (on beş) gün müddətində təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilərək elan olunur.
8.Yekun attestasiya haqqında qərarlar DAK üzvlərinin 2/3 hissəsi iştirak etdikdə, sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda sədrin səsi həlledici sayılır.
9.Yekun attestasiyada tələbənin biliyi bu qaydaların 2.18-ci bəndinə müvafiq olaraq qiymətləndirilir və həmin gün nəticələr tələbələrə elan olunur.
10.DAK-ın qərarı əsasında məzunlara müvafiq ixtisas üzrə subbabakalvr peşə-ixtisas dərəcəsi və orta ixtisas təhsili haqqında diplom verilir. Diploma əlavədə təhsil proqramında nəzərdə tutulan fənlər üzrə tələbənin topladığı ballar, təcrübələrin və yekun attestasiyanın nəticələri və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yazılır. Diplomun və diploma əlavənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları”na əsasən müəyyənləşdirilir.
11.Yekun attestasiyada üzrlü səbəbdən iştirak etməyən tələbəyə ödənişsiz qaydada bir dəfə yenidən attestasiyada iştirak etmək imkanı yaradılır.
12.Müxtəlif səbəblərdən yekun attestasiyada iştirak etməyən və ya qeyri-kafi qiymət alanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası”na əsasən arayış verilir və onlar bu qaydaya uyğun olaraq təhsil müəssisəsinin müəyyən etdiyi vaxtlarda həmin təqvim ilində və ya növbəti 3 (üç) təqvim ili (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) müddətində keçirilən yekun attestasiyada hər ildə iki dəfə olmaqla iştirak edə bilərlər. Bu zaman tələbənin ödənişinin məbləği ixtisas üzrə attestasiya aparılan il üçün müəyyən olunmuş təhsil haqqını 60-a bölərək alınan nəticəni yekun attestasiyaya ayrılan kreditlərin sayına vurmaqla müəyyənləşdirilir. Həmin müddətdə yekun attestasiya aparılan ixtisas üzrə buraxılış olmadığı halda, məbləğ ona yaxın ixtisasa görə təhsil müəssisəsi tərəfindən müəyyən olunur. Tələbə təhsil müəssisəsini bitirmək üçün ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) yekun attestasiyada iştirak etmədikdə və ya attestasiyadan keçmədikdə o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və təhsil müəssisəsinə bərpa olunaraq mövcud qaydalara əsasən həmin kreditləri yenidən yığmalıdır.
13.DAK sədrləri hər il komissiyanin fəaliyyəti haqqında təhsil müəssisəsinə hesabat (hesabatlar) verir. Bu hesabat (hesabatlar) yekun attestasiya başa çatdıqdan sonra 3 (üç) ay müddətindən gec olmayaraq, təhsil müəssisəsinin təsisçisinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilir.
Yay semestri aşağdakı məqsədlərlə təşkil olunur
1.Akademik borcların ləğv edilməsi
2.Fənnlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və orta ixtisas təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması.
3.Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi.
4.Orta ixtisas təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənnlər üzrə digər orta ixtisas təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
YAY SEMESTRİNİN TƏŞKİLİ
1.Yay semestrin yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin müddəti 6 həftədir. Imtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonunçu həftəsində təşkil edilir.
2.Yay semestrində tələbənin götürdüyü fənnlərin krediti 9-dan artıq olmamalıdır.
3.Yay semestiri və imtahanlar növbəti semestrinin başlanmasına 2 həftə qalana qədər çatdırılır.
4.Yay sememstrindən üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər 1 dəfə imtahan təşkil olunur.
5.Tələbə yay semestrində iştirakından aslı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək şöbəyə təqdim etməlidir və o , bu qaydaları 1-ci bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.
6.Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək üçün tələbəyə yenidən imtahan verməyə icazə verilmir, lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda onun əvvəl topladığı bal qüvvədə qalır
7.Bu Qaydaların 4-cü bəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
8.Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
9.Yay semestrində tələbənin fənn üzrə kreditin ödənişinin məbləği illik təhsil haqqını 60-a bölünərək alınan nəticəni kreditin sayına vurmaqla müəyyən edilir.
10.Kollecdə yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçrilir.
11.Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını kollecin müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirilir.
12.Yay semestrinə müəllimlər könüllü olaraq cəlb olunurlar.Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçrilir.Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir.Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.
13.Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 12-ci bəndində göstərilənlər istisna olmaqla,direktorun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənəlir.Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Qiymətləndirmə və monitorinq bölməsinin fəaliyyəti təhsil prosesində təhsilalanların əldə etdikləri nəticələrin monitorinqi, qiymətləndirməsi məqsədini daşıyıraq kredit sistemi ilə tədrisin təşkili prinsiplərinə əsaslanır;
təhsilalanların müvəffəqiyyət göstəricilərinin qeydiyyatinin aparır;
tyutorlarla mütəmadi və əlaqəli fəaliyyət göstərir;
təhsilalanlarların hüquqlarının və akademik maraqlarının qorunması istiqamətində iş aparır;
tələbələrin fərdi tədris planlarının tərtibinə, tədris planlarında nəzərdə tutulmuş akademik yükün yerinə yetirilməsinə nəzarət edir;
akademik borcu olan tələbələrin müvafiq fənlərdən dinləmədə iştirakının təmin edilməsi üçün dinləmə cədvəlləri tərtib edir;
kollokvium cədvəllərinə əsasən kollokviumların gedişatının və qiymətləndirilməsinin monitorinqi aparır;
Payız və Yaz imtahan sessiyalarında imtahanların gedişatının və nəticələrinin monitorinqi aparır;
tələbələrin aralıq və cari qiymətləndirilmə göstəricilərini əks etdirən sənədləri yoxlayır;
hər imtahan sessiyasının sonunda dinləmədə və təkrar imtahanlarda iştirak edən tələbələrin müvəffəqiyyət göstəriciləri barədə məlumat hazırlayır;
imtahan sessiyasının sonunda şöbələr tərəfindən təqdim olunmuş hesabata və imtahan nəticələrinə əsasən akademik borcu yaranmış tələbələrin siyahısını tərtib edir;
Ali və orta ixtisas Təhsil müəssisələrinin İnformasiya Sisteminə (ATİS) təhsilalanların aralıq və cari qiymətləndirmə məlumatlarını, davamiyyət göstəricilərini, hər ixtisasın tədris planına uyğun fənləri daxil edir;
buraxılış kurslarının müvəffəqiyyət göstəricilərini əks etdirən bütün sənədlər əsasında şöbələr tərəfindən hazırlanmış elektron məlumat cədvəllərini və yekun ÜOMG-ni yoxlayır.
Kollokvium
Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 saylı qərarına əlavə olunan akademik təqvim nümunə 1-ə əsasən hər ayın 15-də kollokviumların keşirilməsi zəruridir. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.-dən) olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır. Semestr ərzində 2 dəfə kollokviumların (hər biri ən azı 10 bal) keçirilməsi məcburidir. Kollokviumda iştirak etməyən tələbəyə «0» sıfır bal yazılır. Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən müəyyənləşdirilir və jurnalda qeyd olunur. Kollokviumlardan alınan ballar yekunda toplanır.