- Details
- Oxunma sayı: 228
TƏCRÜBƏNİN MƏQSƏDİ
Tədris prosesində nəzəri təlimdə öyrədilən bilikləri möhkəmləndirmək;
Təcrübə dərslərində və istehsalat təcrübəsində tələbələrdə sərbəst işləmək bacarığı formalaşdırmaqla gələcək tibb işçisinin öz sənətinə qarşı maraq və sevgi yaratmaq, əmək intizamı və ixtisaslaşmış cavabdehlik yaratmaq;
Təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaratmaq;
Tələbələrdə pasientlərlə və işçi kollektivlə ünsiyyət qurmaq,sanitar-epidemioloji rejimə riayət etmək, iş növbəsini qəbul etmək və təhvil vermək və s. bacarıqları formalaşdırmaq;
Təcrübə tədris təcrübə və istehsalat təcrübəsi olmaqla iki yerə bölünür:
Tədris təcrübədə laboratoriyalarda, təcrübə kabinetlərində və klinikayaqədərki kabinetlərdə gələcək manipulyasiyalar və işin aparılması texnikası mulyaj üzərində əyani vəsaitlərdən istifadə etməklə tələbələrə öyrədilir.
İstehsalat təcrübəsində isə tələbələr nəzəri təlimi bitirdikdən sonra təcrübə bazalarında ixtisaslarına uyğun olaraq müalicə-profilaktika müəssisələrində təcrübə keçirlər. Bu zaman təcrübə dərslərində öyrəndikləri bacarıqları möhkəmləndirmək üçün təkrar-təkrar işləyirlər ki, vərdiş əmələ gəlsin.
Kliniki fənlərin təcrübə dərsləri və istehsalat təcrübəsi təcrübə bazalarında keçirilir.
Təcrübəyə təcrübə rəhbəri nəzarət və rəhbərlik edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən TƏBİB-lə razılaşdırılmış təcrübə bazalarının siyahısı göndərilir.Təcrübə bazalarının siyahısı hər 5 ildən bir yenilənir.İxtisaslarına uyğun olaraq bütün şöbələrin tələbələrinin təcrübə keçmələri üçün lazım olan bazalar həmin siyahıda öz əksini tapır. Baza kimi xəstəxanalar,doğum evləri, apteklər, GEM-ri nəzərdə tutulur. Tələbələr Müalicə-profilaktika müəssisələrinin rəhbərlərinin başçılığı altında yerlərdən təhkim olunmuş təcrübə rəhbərlərinin və kollec tərəfindən təyin olunmuş metodik rəhbərlərin nəzarəti ilə təcrübə keçirirlər.
Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında ƏSASNAMƏ
1.Bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa, ali (orta ixtisas) təhsili müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasına, müxtəlif istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarına və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanmışdır.
2.Tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının (ali, orta ixtisas) tərkib hissəsidir.
3.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.
4.Təhsil müəssisələri tələbələrin təcrübəsinin keçirilməsi məqsədi ilə ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu Əsasnamənin tələblərini nəzərə alaraq, müvafiq tədris sənədlərini (tədris plan və proqramları) hazırlayır və təsdiq edir.
5.Tabeliyində təhsil müəssisələri olan nazirlik, komitə və təşkilatlar bu Əsasnaməyə uyğun olaraq, sahənin xüsusiyyətlərini nəzərə almaqla təcrübənin keçirilməsinə dair tövsiyələr hazırlaya bilər.
Təcrübələrin nəticələrinə görə balların hesablanması
1.Tədris planında nəzərdə tutulmuş təcrübənin nəticələrinə görə tələbənin toplayacağı baların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı təcrübəyə davamiyyətinə görə, digər yarısı isə təcrübə üzrə hesabatın hazırlanması və müvafiq qaydada komissiya qarşısında müdafiyəsinə görə verilir.
2.Təcrübə davamiyyətə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarına bölünməklə hesablanılır.
3.Təcrübə üzrə hesabatın tərtib olunub və qəbuluna görə tələbənin yekun balının hesablanması meyyarları və metodikası orta ixtisas məktəbinin Pedaqoji Şurası tərəfindən təstiq olunur.
Məsələn: Təcrübəci tələbə hər gün təcrübəyə gəlir 50 bal, + 4 sınaq (hər sınaq dərsi-1-10 balla qədər qiymətləndirilir) dərslərinə görə hər dərsdə 7 bal alarsa =28, hesabata və müsahidəyə görə 8 bal alarsa hesablanması belədir:
50+28+8=86 86 bal “çox yaxşı” sayılır, -B hərfi ilə işarə olunur.
Təcrübəçi tələbələrin təcrübə işlərinin yekun qiymətləndirm meyarı
51 baldan aşağı ------- qeyri- kafi - F
51- 60 bal -------------- qənaətbəxş - E
61- 70 bal ---------------kafi - D
71- 80 bal -------------- yaxşı - C
81- 90 bal -------------- çox yaxşı - B
91- 100 bal ------------- əla - A
Təcrübənin növləri və vəzifələri
1- tədris təcrübəsi;
2-istehsalat təcrübəsi, o cümlədən diplomqabağı təcrübə.
1.Tədris təcrübəsi mütəxəssis hazırlığının xüsusiyyətlərini nəzərə almaqla, təhsil müəssisələri tərəfindən dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir
2.İstehsalat təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir.
Təcrübənin əsas vəzifələri
1.Tələbənin orta ixtisas məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək;
2.Tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;
3.Tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq;
4.Tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək;
5.Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirmək.
Təcrübənin təşkili
1.Tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər.
2.İstehsalat, diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda (bundan sonra- istehsalat müəssisələri) keçirilir.
3.Magistr pilləsində təhsil alanlar isə pedaqoji və elmi-tədqiqat təcrübələrini təhsil aldıqları ali məktəblərdə və respublikada fəaliyyət göstərən elmi-tədqiqat qurumlarında keçirlər.
4.İstehsalat təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar.
İstehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır:
1.Orta ixtisas təhsil müəssisəsi:
2.Hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır;
3.Təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir;
4.Təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir;
5.Təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir;
6.Zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir.
Istehsalat müəssisələri:
1.Tələbələrin təcrübəsini təşkil edir və keçirir;
2.Kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir;
3.Tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir;
4.Tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır;
5.Tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir;
6.Təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edə bilir;
7.Təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.
8.Təcrübə rəhbərləri həm təhsil, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.
9.Təhsil müəssisəsi tərəfindən təyin olunmuş rəhbərin tədris yükü müvafiq normalara uyğun müəyyən edilir.
Təhsil müəssisəsi tərəfindən təyin olunan rəhbər
1.İstehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi proqramını hazırlayır;
2.Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;
3.Tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;
4.Tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək edir;
5.Tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir.
6.Təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.
7.Zəruri hallarda istehsalat təcrübəsi təhsil müəssisəsi yerləşən şəhərdən (rayondan) kənarda keçirilə bilər.
8.Yaş həddinə görə tələbələrin təcrübə müddətində həftəlik iş saatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.
9.Təcrübə keçməsi barədə tələbənin hesabat forması və təcrübənin yekunlarına dair attestasiya forması təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.
10.Təcrübələrin yekunlarına görə alınan qeyri-müvəffəq qiymət akademik borc hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və qeyri-müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər.
11.Tələbələr təcrübə zamanı yarımqruplara bölünə bilər (10-12 nəfərə qədər). İxtisasın xüsusiyyətindən asılı olaraq (musiqi, incəsənət və s.), qrupdakı tələbələrin sayı 5-6 nəfər də müəyyənləşdirilə bilər.
Maddi təminat
- İstehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır.
2.Orta ixtisas təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər.
3.Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
4.İstehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir.
5.İstehsalat təcrübəsi təhsil məssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir.
6.Təcrübə keçirilən ümumtəhsil məktəbinin işçilərinə pedaqoji təcrübəyə rəhbərlik üçün əməkhaqqı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq saathesabı tarif dərəcələri üzrə ödənilir.